İslam rejimi öz Konstitusiyasına da məhəl qoymur
İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi son dövrdə Ərdəbildə həbs olunmuş Milli Hərəkat fəallarının ağır fiziki və mənəvi işgəncələrə məruz qalması ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:
"Ümumdünya İnsan Haqları Bəyannaməsinin 5-ci maddəsində açıq şəkildə deyilir: "Heç kəs işgəncəyə və ya qəddar, qeyri-insani və alçaldıcı rəftara, yaxud cəzaya məruz qoyula bilməz". Bu prinsip İran İslam Respublikasının Konstitusiyasında da təsdiq olunmuşdur və onun aydın mətninə görə,"etiraf və ya məlumat almaq üçün hər cür işgəncə verilməsi qadağandır".
Son həftələrdə Azərbaycan mədəni fəallarının, tələbələrin, jurnalistlərin həbs edilməsi və siyasi fəallara təzyiqlərin yeni dalğasının şahidi olmuşuq.
Aprel ayının 2-də Ərdəbildə Təhlükəsizlik İdarəsi ("Ettelaat") qüvvələrinin qəfil hücumu nəticəsində çoxsaylı insanlar evdə, işdə, küçədə və ictimai yerlərdə həbs olunmuş və onların saxlandığı yer barədə ailə üzvlərinə yalnız bir neçə həftə keçdikdən sonra məlumat verilmişdir.
Artıq Ərdəbil Azad universiteti tələbələri islami cəmiyyətinin katibi Ərdəşir Kərimi Xiyavinin, insan haqları fəalı Behruz Əlizadənin, yazıçı və jurnalist Rəhim Qulaminin, mədəni fəal Vədud Səadətinin Ərdəbildə həbs edilməsindən 13 gün keçir. Onlar mənəvi və fiziki işgəncələrə məruz qalırlar, bir məhbusun vəkilə malik olmaq və digər hüquqlarından məhrumdurlar, ailə üzvləri isə hədələnirlər.
Onlar Ərdəbil zindanına köçürüldükdən sonra ailə üzvləri ilə telefon əlaqəsi zamanı bildirmişlər ki, yalan ifadə və etiraflarda bulunmaq üçün onlara ağır işgəncə verilmiş, qorxunc üsullarla hədələrə məruz qalmışlar. Onların dediyinə görə, onlardan yalançı etiraflar almaqdan ötrü yumruq və təpiklə döymək, şallaq əvəzinə kabellə vurmaq, cərəyana qoşmaq və elektroşok tətbiqi, saatlarla ayağından asmaq, təkadamlıq kamerada saxlamaq, yatmağa qoymamaq, aşağılayıb təhqir etmək kimi metodlardan istifadə olunmuşdur.
Hal-hazırda ağır zindan şəraiti və təzyiqlərə etiraz əlaməti olaraq aclıq edilməsi nəticəsində bu məhbusların sağlamlığı təhlükəli duruma düşmüşdür.
Ərdəşir Kərimi beyin və sinir xəstəliyindən, Rəhim Qulami isə böyrək xəstəliyindən əziyyət çəkir, amma onlar hər hansı tibbi yardım almaq imkanından məhrumdurlar.
Biz "İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi" olaraq, hazırda Ərdəbil mərkəzi həbsxanasında saxlanılan adı çəkilmiş şəxslərin işgəncəyə məruz qalması ilə bağlı ciddi narahatlıq və nigaranlığımızı bildirir, kütləvi informasiya vasitələrini, hüquq müdafiə təşkilatlarını, işgəncəyə qarşı mübarizə qurumlarını Azərbaycan mədəni fəallarının və jurnalistlərinin qanunsuz həbslərinə və təzyiqlərə məruz qalmasına etiraz səslərini ucaltmağa çağırırıq.
Sonda onu xatırladırıq ki, işgəncə yolu ilə alınmış ifadə və etiraflar heç bir dəyərə və qanuni qüvvəyə malik deyil, bu üsuldan istifadə edənlərə isə cəza verilməlidir".




