Mənə həqarət ilən baxmayın, qəzəl kanıyam,
Varaq-varaq dağılan eldə şeir divanıyam.
Mənim vüqarımı get çilləxanədən xəbər al,
Əxi Fərəc kimiyəm, mən də eşq sultanıyam.
Yaşıl çəməndə bitən sinə dağlı bir lalayam,
Füzuli nəğməsiyəm mən, Nəsiminin qanıyam.
Olar ki aşiqi-dilxəstədir, tanılla məni,
Bu ölkədə ölən aşiqlərin çıxan canıyam.
Arı kimi dolanın güllər üstə, bar gətirin,
Anam dili şirədir, mən o şirənin şanıyam.
Bu fəxrdir mənə türkü elimdi, türkü dilim,
Mənim bəsimdi fəqət Sührəvərdini tanıyam.
Bir həqqi batmış elin sinə dağlı şairiyəm,
Qəzəlçi Cəfəriyəm, ölkəmin adı-sanıyam.





