"Azərbaycan xalqının müqavimət simvolu olan
Ərk qalasının dağıdılmasına imkan verməyək!"
Kanadada yerləşən "İran Azərbaycanı Dil və Mədəniyyət Fondu" Təbrizdəki Ərk qalasının islamçı rejim məmurları tərəfindən dağıdılmasına etiraz bəyanatı yaymışdır. Bəyanatın farsca mətnini bizə göndərmiş Lalə xanım Cavanşirə təşəkkürümüzü bildirir və onun tərcüməsini sizə təqdim edirik.
Azərbaycan xalqının istibdad və müstəmləkəçiliyə müqavimətinin simvolu və Azərbaycanın ən qiymətli tarixi abidələrindən biri olan Təbrizdəki Ərk qalası məhv edilməkdədir.
İranda "Mədain sarayı"na bərabər tutulan Təbriz Əlişah qəsri (Ərk qalası) öz dövründə dünyanın ən böyük müsəlman tikilisi olmuşdur. Bu əzəmətli bina Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilmişdir.
Qacarlar dövrünə qədər bu tarixi binadan dövlət qəsri kimi istifadə edilmiş, Məşrutə dönəmində isə o, Səttarxanla Bağırxanın və digər Təbriz mücahidlərinin əsas bazalarından biri olmuşdur. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan xəsarət almışdır.
İnqilabın əvvəllərində Ərk qalası "despotik" abidə sayılaraq, dağıdılmaq təhlükəsinə məruz qaldı, amma Təbriz əhalisi orada məscid mehrabı olduğunu əsas gətirib onun dağıdılmasının qarşısını aldı. Lakin bununla kütləvi ibadət meydanı yaratmaqdan ötrü Ərk qalasının qonşuluğunda yerləşən Təbriz Milli Kitabxanasının və bənzərsiz "Balabağ" teatrının dağıdılması üçün Təbrizin o zamankı imam-cüməsi ayətullah Mədəninin əlinə bəhanə düşdü. 1981-ci ilin payızında ibadət meydanına daha geniş yer açmaqdan ötrü tarixi Ərk qalasının divarını dinamit və buldozerlə dağıtdılar. Həmin dağıntı nəticəsində Ərk qalasının güclü zəlzələ və işğalçı çar Rusiyası ordusunun ağır topları qarşısında duruş gətirmiş nəhəng dayaqlarına ciddi ziyan dəydi.
Ayətullah Mədənidən sonra Ərkin dağıdılması işini imam-cümə postunda onu əvəzləyən ayətullah Müslüm Mələkuti davam etdirdi və nəhayət, Ərkin tamamilə dağıdılması vəzifəsini yerinə yetirmək üçün növbə hazırkı imam-cümə ayətullah Müctəhid Şəbüstəriyə yetişdi. Diqqət yetirilməlidir ki, Ərkin dağıdılması işi "Quruculuq Cihadı" təşkilatının öhdəsinə qoyulmuşdur!
Bu gün ibadət meydanı üçün çoxmərtəbəli yeraltı avtomobil dayanacağı (uzunu 420 metr, eni 18 metr olan və 600 maşın tutan 16 min kv. metrlik sahə) tikmək bəhanəsilə Ərkin tam şəkildə məhv edilməsi planını hazırlamışlar. Bu işdə heç birisi xalq tərəfindən seçilməyən ostandar (qubernator), şəhrdar (bələdiyyə başqanı), imam-cümə və mədəni irs təşkilatının rəhbəri əlbir olmuşlar ki, Azərbaycan xalqının müqavimət simvolunu və möhtəşəm tarixi abidəsini öz cəhalətlərinin, Azərbaycanın tarixinə və mədəniyyətinə nifrətlərinin qurbanı etsinlər.
Təbrizin bələdiyyə başqanı Azərbaycan xalqının ictimai rəyini Ərkə edilən amansız qəsddən yayındırmaq üçün ibadət meydanındakı dayanacağın təməlqoyma mərasimindən bir neçə saat qabaq "Şəms Təbrizi parkı"nın açılış törənində iddia edib ki, Şəmsin məqbərəsinin Təbrizdə olduğunu sübuta yetirən sənədlərə malikdir və o, başqa şəhərlərin, ölkələrin Şəmsə sahib çıxmasına imkan verməyəcəkdir (?!). Yeraltı dayanacağın tikintisi bəhanəsilə Ərk qalasının ətrafının və tarixi ərazisinin dağıdıldığı bir şəraitdə ondan o qədər də uzaq olmayan yerdə Təbrizin köhnə terminalı xarabalıq şəklində durmaqdadır və əgər bələdiyyə başqanının niyyəti təmiz olsaydı, dayanacaq tikintisi üçün həmin terminalın torpağından istifadə edə bilərdi.
Hal-hazırda Təbriz şəhərində bu tarixi binanın dağıdılması davam etməkdədir və onun taleyi Azərbaycan xalqının mədəni-tarixi irsinə heç bir bağlılığı olmayan insanların əlindədir.
Biz İranın hər hansı guşəsində yaşayan soydaşlarımızı öz etiraz səslərini dünya ictimaiyyətinə və əlaqədar beynəlxalq qurumlara çatdırmağa çağırırıq, çünki əminik ki, yalnız geniş və kütləvi etiraz Azərbaycan xalqının mədəniyyət və tarixinə qarşı bu "mədəni soyqırım" planına mane ola bilər.
Farsca mətnin qaynağı: http://www.shahrvand.com/?c=122&a=4331





Chox Sagolun.
Yeqin ki Fondun Quruculari bu yazini gorunce size ichden teshekkur ve minnetdarliq duyacaqlar.
Ugurlu chalishmalar dileyiyle - Lale C.
May 20, 2008 0:46