Reklam verin!

MƏKTUBLAŞMA DAVAM EDİR

yaxud

"URMİYALI TƏDQİQATÇI"NIN "SƏHƏR" TELEVİZİYASI
AZƏRBAYCAN BÖLMƏSİNİN MÜDİRİNƏ CAVABI

"Nəyə görə Bakıdan bir səs eşidiləndə, mütləq təbrizli adı və tehranlı düşüncəsi
ilə cavab verilməlidir?"

Azərbaycan Respublikasının prezidentinə açıq məktub yazmış "təbrizli tədqiqatçı"ya Bakıda yaşayan iranlının cavabı barədə məlumatı və həmin cavabdan müəyyən parçaları aşağıda vermişik. Bu cavab barədə ilkin informasiya "Bakıda yaşayan fars"dan "Təbrizdə yaşayan türk"ə cavab!" başlığı ilə "Türkük biz" vebloqunda yerləşdirilmiş, məktubun farsca tam mətni isə Güneyli tanınmış yazar Heydər Bayatın saytında dərc olunmuşdu. Mən peşəkar jurnalist və şərhçı kimi xeyli müddət mühüm bir agentlikdə çalışmış qeyri-azərbaycanlının öz cavabında İran İslam Respublikasının ikibaşlı siyasətini, işğalçı Ermənistanla sıx ilişgilərini, Azərbaycan Respublikasına yönəlik xəttini tənqid etməsi faktını önəmli sayıb onu zəruri izahlarla müxtəsər şəkildə dilimizə çevirərək bloqumda yerləşdirdim. Ardınca "Mediaforum" saytı müəyyən dəyişikliklə həmin mətni yaydı. Daha sonra bu variant "GünAz TV"-nin saytında "Qaynar.info"da yer aldı. Amma məsələ bunda deyil. Məsələ burasındadır ki, cənab Əli Əsğər Şəfiiyanın "təbrizli tədqiqatçı"ya ünvanladığı cavaba İrandan sərt təpki gəlib. O da vaxt itirmədən daha bir cavab yazmalı olub.

shafieian_hishmati


Belə ki, "Səhər" telekanalı Azərbaycan bölməsinin müdiri Bürhan Hişməti Ə.Ə.Şəfiiyanın yazısına məktub formasında geniş bir şərh yazıb, o da həmin şərhi və ona verdiyi cavabı ayrıca məqalələr kimi öz vebloqunda yerləşdirib.
B.Hişməti öz məktubuna sərt bir tonda başlayaraq yazır: "Əziz dost cənab Şəfiiyan! Nə qədər ki, sizin kimilər Bakıda dükan açmaq və ölmə-diril yaşamaqdan ötrü iş qurmaq üçün hər bir şərtə razılaşır, biz iranlıların Bakıdan kəskin və söyüş dolu məktublar göndərilməsinə ehtiyacımız yoxdur. Təbrizli tədqiqatçının İlham Əliyevə məktubu əslində Sabir Rüstəmxanlının məktubuna cavab idi. Keşkə siz təbrizlı tədqiqatçının məktubundan əsəbiləşdiyiniz qədər Sabir Rüstəmxanlının yalan və cəfəngiyyatla dolu, İran azərilərini kölə, başıqapazlı və kütbeyin kimi qələmə verən məktubundan narahat olaydınız və ona cavab verəydiniz".
Bu ağır ittihama Ə.Ə.Şəfiiyanın cavabı kifayət qədər məntiqli və tutarlıdır: "Əziz dost! Bakıda müvəqqəti yaşamağım daha çox çarəsizlikdən olub... Bir il səkkiz aydır ki, gəlmişəm, ola bilsin tezliklə geri dönüm. Başqa bir yerdə də mənim barəmdə "Bakıda asılılıqla nəticələnən yaşamaq və işləmək" ifadəsini işlətmisiniz. İnşallah, bağışlayanların ən böyüyü olan Tanrı bu ittihamlarını bağışlayar. Gəlirəm qeyri-şəxsi mətləblərin üzərinə.
Yazırsınız ki, mənim məktubum "kəskin və söyüşlə dolu"dur. Mən əlbəttə, təsdiq edirəm ki, kəskindir, amma söyüş dolu deyil. Özünüz buyurun, deyin, onun harasında "söyüş" var?..
Cənab Hişməti! Yazırsınız ki, "təbrizli tədqiqatçının İlham Əliyevə məktubu əslində Sabir Rüstəmxanlının məktubuna cavab idi". Maraqlıdır, "Tabnak" saytında yayımlanan o məktubda nə yazanın adı vardı, nə də siz deyən məsələyə işarə edilmişdi. Siz qeybdən informasiya alırsınız, ya o "təbrizli tədqiqatçı" siz özünüzsünüz? Mən sizin nəzərdə tutduğunuz məktubu görməmişəm, amma görmədən deyirəm ki, kim bizim azəriləri elə təsvir edibsə, pislənməlidir və həm də səhv edib. Amma dediyiniz kimi olsa belə və o məktub əslində bir reaksiyadırsa da, yenə mənim o təbrizli tədqiqatçıya müraciətlə yazdıqlarımda prinsipial fərq olmazdı".
Hişmətini qəzəbləndirən məsələlərdən ən başlıcası, görünür, Şəfiiyanın Qarabağ probleminə baxışı olmuşdur və öz məktubunda o, bu qəzəbini heç gizlətmir də: "Siz necə Qarabağ münaqişəsi ilə Fələstin məsələsinin fərqini ayırd edə bilmirsiniz? Qarabağ münaqişəsində Azərbaycan Respublikasının özü Ermənistanla danışıqlara və sülhə can atır və Ermənistan dövlətinin varlığı və qanuniliyini qətiyyən şübhə altına almır. Hətta sülh danışıqları ilə bərabər benzin və maye qaz kimi strateji məhsullar qaçaq yolu ilə Azərbaycan Respublikasından Ermənisatana göndərilir. İran da Azərbaycan Respublikası ərazisinin işğalını pisləyib və hətta bu vəziyyətdən çıxmaq üçün Azərbaycan Respublikasına çoxlu kömək göstərib..." Burada B.Hişməti onu da əlavə edir ki, guya İran Azərbaycan Respublikasına hərbi yardım da təklif edib, amma ölkəmiz bundan imtina edərək, Qərblə, ABŞ və İsraillə yaxınlaşma yolu tutub.
Bütün bu hikkəli sözlərə Ə.Ə.Şəfiiyanın cavabı kifayət qədər soyuqqanlı və hətta ironikdir: "Mən də sizin kimi "Qarabağ münaqişəsi ilə Fələstin məsələsinin fərqi" üzərində düşünürəm. Yadınızdadırsa, siz altı ay qabaq "Mərdomsalari" qəzetinə verdiyiniz müsahibədə demişdiniz: "Biz Qafqaz bölgəsini unutmamalı, Fələstin, Livan, İraq və Əfqanıstan məsələləri qədər Qafqaz məsələlərinə də, xüsusən Azərbaycan Respublikasına əhəmiyyət verməliyik..." Allah köməyin olsun, məgər mən başqa bir söz deyirəm? Məgər mən demişəm ki, Ermənistan dövləti İsrail kimi qanuni deyil? Mən yalnız işğal olunmuş ərazini nəzərdə tutmuşam. Və Azərbaycan Respublikasının İranın yardımından imtina etməsi də əsas deyil, mühüm olan məhz "təcavüzə məruz qalan tərəfə prinsipial dəstəkdir" ki, bunun nəticəsində, dediyim kimi, buranın müsəlman əhalisi İslam Respublikasının Qarabağ və Fələstin məsələlərinə yönəlik siyasətində fərq görməsin..."
B.Hişməti daha sonra öz keçmiş həmkarını İran səfirinin "yöndəmsiz" danışığına və İran Mədəniyyət Mərkəzi tərəfindən Bakıya dəvət olunmuş natiqin "savadsızlığına" diqqət yönəltməkdə qınayır. Mən Ə.Ə.Şəfiiyanın "təbrizli tədqiqatçı"ya ünvanladığı məktubda əhəmiyyətli saymadığımdan ikinci məsələ nin, necə deyərlər, üstündən keçmişdim. Orada o, Azərbaycan Respublikasında dini təbliğata məhdudiyyətlər qoyulması ilə bağlı "təbrizli tədqiqatçı"nın "narahatlığına" cavab olaraq yazmışdı: "Müxalıf düşüncənin və dini fikirlərin yayılması ilə bağlı narahat olmayın... Xurafat da rəvac tapıb. Bizim Mədəniyyət Mərkəzini sədri bir vaxtlar Qədir-Xum bayramında Tehrandan bir natiq (məruzəçi) gətirmişdi və o deyəndə ki, Həzrət Əli Peyğəmbəri təhqir edən uşaqların qulağını dişləyirdi, dinləyənlər həm inanır, həm də gülürdülər. Görün burda nə xəbərdir və biz nə edirik!" Bu məsələyə toxunmasının səbəbini Ə.Ə.Şəfiiyan B.Hişmətiyə belə izah edir: "Deməliyəm ki, mən o adamın adını verməyə xəcalət çəkdim, amma bunu yazmaqla... buradakı mədəni fəaliyyətimizin nöqsanına diqqət çəkmək istəmişəm".
Nəhayət, B.Hişməti Şəfiiyanın öz cavabı ilə bizdəki milliyyətçi və anti-İran qüvvələrə dəstavuz verdiyini vurğulayır və buna sübut kimi həmin cavabın "Mediaforum"da yayılmasını göstərir. Bu ittihama cavab olaraq Ə.Ə.Şəfiiyan yazır: "Əziz dost! Dünən gecə mən müştərək dostumuza dedim ki, vallah, mənim "Mediaforum" adında saytın varlığından xəbərim yoxdur. Amma siz yazandan sonra gedib baxdım ki, nə əhvalatdır, gördüm bəli, düzdür. Məsiağa Məhəmmədiniya adlı bir şəxs onu ("təbrizli tədqiqatçı"ya yazdığı cavabı – M.M.) öz vebloqunda xüsusi baxışı əsasında naqis şəkildə tərcümə edib. Məsələn, o, təbrizli tədqiqatçının məktubuyla ümumən razılaşdığım hissəni (birinci abzas), bu gün bizim rəsmən tanıdığımız və Azərbaycan Respublikası adlanan "Aran" bölgəsinin tarixi ilə bağlı fikirləri təsdiq etdiyim parçanı (dördüncü abzas) və bir neçə açar məqamı tərcümə etməyib ki, onlarsız məktubun ümumi məzmunu və onun yazılış məqsədi naqis anlaşılır. "Mediaforum" saytı da onu eyni şəkildə yayıb. Onların arxivinə baxanda, "Tabnak"dakı yazının da dərc olunduğunu gördüm".
Əvvəla, mənim familiyam Məhəmmədiniya yox, Məhəmmədidir. Amma Şəfiiyanın yəqin ki, Azərbaycan (türk) dilini, yaxud latın əlifbasını yaxşı bilmədiyini nəzərə alıb onu bağışlayıram. İkincisi, mən sözügedən məktubu naqis yox, müxtəsər şəkildə tərcümə etmişəm və mətndə qoyulan üç nöqtələr buna işarədir. Şəfiiyanın və "təbrizli tədqiqatçı"nın ümumi fikirlərindən (Aran məsələsi və s.) mən yazının giriş hissəsində bəhs edib onları köhnə bayatı, yəni çeynənmiş sözlər adlandırmışam və onların Azərbaycan oxucusu üçün artıq maraqlı olmadığını (bu fikirlər paniranistlər tərəfindən dəfələrlə yazılıb və dəfələrlə, elə mənim öz bloqumda da onlara cavab verilib) nəzərə alıb onun başabəla "tədqiqatçı" ilə razılaşmadığı məqamların üzərində dayanmışam və düşünürəm ki, burada elə bir kriminal yoxdur: hətta dövlət rəhbərlərinin mətbuat konfranslarının, nitq və məktublarının informasiya vasitələrində çıxarışlar şəklində verilməsi adi haldır və Şəfiiyan jurnalist təcrübəsi olan şəxs kimi bunu bilməmiş deyil. Onu da deyim ki, mən yaxşı-pis bir filoloq kimi hər hansı fikrin və ya cümlənin kontekstdən çıxarılaraq məqsədli istifadəsinin nə demək olduğunu bilirəm və tam əminliklə deyə bilərəm ki, Şəfiiyanın məktubunu tərcümə edərkən belə bir "əməliyyat" aparmamışam, yəni orijinalda hansı cümlə nəyi çatdırırsa, tərcümədə də odur. Ən nəhayət, necə bilirsiniz, B.Hişməti Şəfiiyana məktubunu mənim "naqis tərcümə"mi oxuyaraq yazıb, yoxsa "mükəmməl orijinalı"?!
Mən yaxşı başa düşürəm ki, Şəfiiyan bu məktubu özü demişkən, "xüsusi baxış əsasında", İran İslam Respublikasının maraqları baxımından yazıb (necə ki, Hişmətiyə cavabınızda deyir: "Hər halda, əgər bizim şimal qonşumuza münasibətdə siyasətimiz münasib olsaydı, ABŞ və İsrail bura bu qədər nüfuz etməzdi). Burada Şəfiiyanın indiki İran hakimiyyətinə müxalif siyasi təşkilata mənsubluğu da az rol oynamayıb. Bununla belə mən Qərbin ikili standartlarını tənqid etməkdən usanmayan İran rejiminin işğalçı Ermənistana xüsusi münasibətini, onun Azərbaycan Respublikasına yönəlik "dolaşıq" siyasətini, Bakldakı İran diplomatlarının səriştəsizliyini, islamın təbliği adı altında xurafat və cəhalət yaymalarını və s. dilə gətirməkdə Şəfiiyanın göstərdiyi cəsarəti təqdir edirəm və onun məktubunu tərcümə etməkdə məqsədim İrandakı qeyri-azərbaycanlılar arasında bu cür düşünənlərin olduğunu ictimaiyyətə çatdırmaq olub. Hər halda onun iki cavabından belə anlaşılır ki, Azərbaycan-İran münasibətlərindəki problemlərin əsas səbəbkarı elə İranın özüdür və bu, həqiqətdə də belədir.
Şəfiiyanın bu məktublaşmasının bir nəticəsi də oldu. Bürhan Hişmətiyə onunla yanaşı, həm də tam başqa yöndən özünü "Urmiyalı tədqiqatçı" kimi təqdim edən bir Güneyli soydaşımız da cavab verdi və mən Şəfiiyanın məktubundan fərqli olaraq, onun mətnini tam şəkildə tərcümə edirəm:

URMİYALI TƏDQIQATÇININ "SƏHƏR" TELEVİZİYASI AZƏRBAYCAN BÖLMƏSİNİN
MÜDİRİNƏ CAVABI

Bu fani dünyada heç nədən siyasət, siyasətbazlıq və siyasət barədə yazmaq qədər iyrənmirəm. Amma bu beşgünlük dünyanın İran adlanan və bizim yaşamağa məhkum olduğumuz hissəsində daim siyasət qasırğasını gözləməlisən ki, görən kimi kökündən qoparacaq, kimi yerə vuracaq və...
Təbrizli olduğu ehtimal edilən bir həmvətənimizin məktubunu tənqid etmiş bir şimallı həmvətənimizə "Səhər"in Azərbaycan bölməsi müdirinin cavabı o tipli qasırğalardandır ki, insanı reaksiya verməyə məcbur edir.
Şimallı həmvətənimizin məktubu məntiqli və ağrıdan doğan bir yazı idi. Lakin "Səhər"in Azərbaycan bölməsi müdirinin məktubu təhqir, tikan və kinayə ilə doludur, sanki möhtərəm müdir öz kabinetində tabeçiliyində olan işçilərdən biri ilə ən əsəbi və ən haqlı olduğu bir şəraitdə söhbət edir.
Ağa, icazə verin! Bir az sakit! Biz də insanıq və söz demək haqqımız var.
Ağa, icazə verin! Bu şimallı həmvətənimiz azad bir atmosferdə sakit şəkildə bir mövzuya toxunub və bir sıra reallıqları, hətta tutalım, qeyri-reallıqları dilə gətirib. Güman etmirəm, sizin də on ay maaş almayan fəhlə kimi, tikinti meydanından evə əliboş qayıdan bənna kimi, qızının universitetdəki təhsil haqqını ödəməkdə aciz olan imkansız sənətkar kimi və minlərlə, milyonlarla digər həmvətənimiz kimi elə problemləriniz var ki, əsəblərinizin pozulmasına səbəb olsun. Lütfən, bir daha özünüzün maaş çekinizə, aldığınız kreditlərə, mükafatlara, iclas haqlarına, əlavə ödənişlərə, səfər xərclərinə, qaldığınız otellərə nəzər salın – bütün bunlar millətin cibindən və dövlət büdcəsindən ödənilib.
Ağa, icazə verin! Başqaları axı sizin vəziyyətdə deyillər. Onlar bir tikə çörək yeyə bilməlidirlər. Ağa, buna görə kimisə qınamaq olar? Yazmısınız: " Nə qədər ki, sizin kimilər Bakıda dükan açmaq və ölmə-diril yaşamaqdan ötrü iş qurmaq üçün hər bir şərtə razılaşır..." Məgər iş qurmaq və qazanmaq pis şeydir?
Bağışlayın, ağa! Başqa bir sualım da var. Məgər Bakı fahişədir ki, yazmısınız: "Bakıda yaşamaq üçün hər bir şərtə razılaşırsınız"?! Məgər Azərbaycan əhalisinin tərkibi baxımından şiələrin ən yüksək faizinə malik deyilmi? Bağışlayın, ağa! Məgər şiələr arasında yaşamaq nəyəsə razılaşmaqdır? Yəni Bakı Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindən də pisdir? Əlbəttə, bunu "Yoxsulluq və fahişəlik" filminin rejissorundan soruşmaq lazımdır.
Yazmısınız: "Sabir Rüstəmxanlının yalan və cəfəngiyyatla dolu, İran azərilərini kölə, başıqapazlı və kütbeyin kimi qələmə verən məktubundan narahat olaydınız və ona cavab verəydiniz". Bağışlayın, ağa! Yaxşı olmazdımı ki, siz özünüz o məktuba bir cavab verəydiniz? Biz böyüklərin oyununa qoşulmuruq. Özünüz ki bunu bilirsiniz!
Rüstəmxanlı həqiqi bir imza ilə məktubunu imzalayıb. Bəs bu təbrizli tədqiqatçı kimdir? Ümumiyyətlə, nəyə görə Bakıdan bir səs eşidiləndə, mütləq təbrizli adı və tehranlı düşüncəsi ilə cavab verilməlidir? Bağışlayın, ağa! Əgər gizli imza ilə yazmaq lazım idisə, yaxşı olmazdımı ki, o imza "tehranlı tədqiqatçı" olsun?
Yazmısınız: "Sabir Rüstəmxanlının yalan və cəfəngiyyatla dolu, İran azərilərini kölə, başıqapazlı və kütbeyin kimi qələmə verən məktubu". Bağışlayın ağa! Siz özünüz İran azəriləri barədə nə düşünürsünüz? Siz Tehran və Qum hüseyniyyələrindəki təziyə mərasimlərindən film çəkib "Səhər" kanalında göstərəndə, amma həmin Tehran və Qum əhalisi üçün farsca proqramlar yayanda, onların hüseyniyyə və məscidlərinin məhsullarını ailələrindən, uşaqlarından və həmşəhərlilərindən əsirgəyəndə, onları kütbeyin və başıqapazlı saymırsınızmı? Onlar əgər kütbeyin deyillərsə, ən azı Bakı, Livan və Əfqanıstan əhalisi qədər İran büdcəsində payları var və "Səhər"in proqramlarına İran daxilində baxa bilərlər.
Qarabağ məsələsində bütün bu yalan-doğruya ehtiyac yoxdur. Əgər siz Qarabağa kömək edirdizsə və Bakı hökuməti qoymadısa, onda mənim kiçik bir sualıma cavab verin:
Əlli minə yaxın əfqan İran universitetlərindən yüksək elmi dərəcələr alıb, milyonlarla əfqan mühaciri illərlə İranda yaşayıb. Ədəbsizlik olmasın, soruşuram: niyə bir nəfər də şiə Qarabağ qaçqını İrana gəlmədi? Şübhəsiz, özləri gəlmədilər, yoxsa siz bir belə şəfqət və məhəbbətlə sərhədləri açmışdınız.
Bəli, ağa!
Bir azca yavaş!
Sizin ki borcunuz yoxdur, əsəbiləşirsiniz. Lütfən, bir dəfə də öz maaş çekinizə baxın, sonra da türkcə "Səhər"in ötürücülərinə – onlar Tehrandan Bakıya proqramları elə ötürürlər ki, bir qətrəsi də yerə düşməsin və öz dilinə təşnə olan qırx milyon İran türkü ondan istifadə etməsin.
3 iyun 2008-ci il".

Sonda onu da qeyd edim ki, Bürhan Hişməti bundan əvvəl beş il ərzində İran televiziyasının Bakıdakı nümayəndəsi olub.





Baxış sayı: 186
Açar sözlər:
Bookmark and Share


1
qubilay yazıb:

Shefiyan’in yazidigi mektuba gore: neche onemli nukteni unutmamaliyiq:
1. O fars’di ve hech inanmaq olmaz ki Azerbaycan ve Turk xalqina ureyi yanir. O her sheyden once iranin milli menafeyine qulluq edir. Hemde O Mushariket Partisinin uyesidir ki bu parti iranin en rasist partilarindandir. Yazisinda onun chirkin niyetleri ve shuvunisti baxishi bellidir.
2. O iranin Mazenderan bolgesindendir. Iranda yashayan siyasi feallar ozellikle oyrenciler yaxshi bilirler ki Mazenderanlilarin choxu universitelerde casusluq ve iranin keshfiyat hisselerine qulluq etmekde taniniblar. Iranin gizil keshfiyat servisindede (ettela’at nazirliyi) choxlu sayli mazenderanli var.
3. O “ISNA” agentliyinde (iran oyrencilerinin xeber agentliyi) yuksek vezifede chalishib. ISNA iranin cahad-e-daneshqahi instutuna baglidir. Cahad-e-daneshqahi butun dovlet universitelerinde shobesi var, ve zahirde kulturel ve bilimsel sahelerde chalishir, ama lazim olan yerlerde keshfiyat nazirliyle emekdashliq edir. Cox ehtimalla, O iran casusudur. O ve ona taylari quzey Azerbaycanda gozden qoymamaq lazimdir.

İyun 6, 2008 17:30

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Bloq haqqında


Mesiha

Məsiağa Məhəmmədinin bloqu

Axtarış

Açar sözlər

Sayğac

İndi bloqda: 2
Keçən ayın hiti: 8284
Dünənki hit: 296
Bugünkü hit: 291
Ümumi hit: 82923

Free PageRank Checker

My BlogCatalog BlogRank

Cultural Blogs - Blog Catalog Blog Directory

View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button