Güney Azərbaycanda "Seyid" adı ilə məşhur olan şair Mircəlil 1959-cu ildə Muğan bölgəsində – Germidə doğulub. Uşaq ikən ailəsi ilə birgə Parsabada köçüb. "Qanlı Günəş" ("Babək" poeması) adlı ilk kitabı 2005-ci ildə işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Aşağıdakı şeir həmin poemadan bir parçadır.
Atların kişnəsi qovzandı yenə, düşdü savaşlar,
Nizə-xəncər savaşında kəsilib oynadı başlar,
Toqqaşır başlara daşlar,
Vurulur nizəyə başlar.
Nə qədər töksə də qan doymayacaqdır gözü aclar,
Qana dönsün belə taclar,
Yolunur zülm ilə saçlar.
Bağlayıb qol-qola düşmən aparır qızları bir-bir,
Dinənin, dinməyənin batmada ulduzları bir-bir,
Qızarır üzləri bir-bir,
Yumulur gözləri bir-bir,
Seçilir düzləri bir-bir.
Yaramazlar görüsən tez əkilir yüzləri bir-bir,
Titrəyir dizləri bir-bir,
Dəyişir sözləri bir-bir.
Belə bir odda yananda qurular, bir də ki yaşlar,
İgid oğlan deyilən kimsə bütün işləri boşlar,
Ox kaman almış ələ düşməninin bağrını tuşlar,
Vuruşub ölməyi xoşlar,
Tanınar bərk ilə boşlar.
Cavidan Şəhrəkin oğlu belə bir gündə oyandı,
Gördü düşmən qanını içmədə, qanlarla doyandı,
Yaramaz düşmən əli ölkəyə bir əfi ilandı,
Yaz ayı sanki xəzandı,
Dağa çökmüşcə dumandı.
Odu düşmən qabağın almada mərdanə dayandı!
Neçə min mərd igidi qeyrət ilə qanə boyandı!
Bu qoçaqlardan elin gözləri dar gündə umandı!
Bu qoçaqlı eli hər əsrdə düşmən də sayandı,
Sovqatı hər qoçağın öz elinə bir quru candı,
Məzlumun zalıma qarşı sipəri bir kasa qandı.
"Gücə-güc" yaxşı bəyandı.
Odu Cavidan oyandı,
Elinin dərdinə yandı,
Oyanarkən oda yandı.
Söylədi: "Hər yel əsib qorxulu tufan ola bilməz,
Tülkülər aslan ilə varidi-meydan ola bilməz".
Kimsənin öz sözünə olmasa iman ürəyində,
Qorxulu gündə durub xalqına qurban ola bilməz.
Damsa vicdan üzünə, daşmada peymanəsi səbrin,
Açsa vicdan gözünü, ax necə üsyan ola bilməz?!
Azəristan diyarım gör necə şirlər becəribdir,
Belə bir şanlı Vətən düşmənə cövlan ola bilməz!
Qaynaq (ərəb əlifbasında): http://tonqal.blogfa.com/post-46.aspx






Salam Məsiağa bəy.. Belə bilgiləriniz üçün çox sağ ol..
Şeri sonuna qədər oxudum, təbii ki, bu hissəni, istərdim poemanı tam oxuyam..
Minnətdaram
İyul 3, 2008 16:18