SƏMƏD BEHRƏNGİNİN QARDAŞI ƏSƏD BEHRƏNGİ İLƏ MUSAHİBƏ
- Cənab Behrəngi, Səmədin uşaq ədəbiyyatına üz tutmasının səbəbi nə idi?
- Səməd kənd məktəblərində dərs dediyindən, kənd uşaqlarının bədbəxtliklərini yaxından görürdü və bu ədalətsizliyin səbəbkarlarını tapıb üzə çıxarmaq istəyirdi. Bu yolda onun yazmaqdan başqa silahı yox idi və o ayıltmaq, anlatmaq işinə uşaqlardan başladı, uşaqlar üçün nağıllar yazdı. Bu üzdən onun nağılları uşaq dünyasının dərdləri və ağrıları ilə doludur, bunlar həmin yazıların təməlində durur. Səmədin hekayələri ilə böyüyən uşaqlar daha gələcəkdə ictimai təhqirlərlə barışmazlar. Necə ki, gördüyümüz kimi, həmin uşaqlar sonralar inqilabi hadisələrin və sosial ədalətsizliklə mübarizənin iştirakçısına çevrildilər. Səmədin bu yöndə fəaliyyətinin başqa bir səbəbi, görünür, uşaq ədəbiyyatı sahəsində boşluq hiss etməsi olmuşdur.
«ONUN YAZMAQDAN BAŞQA SİLAHI YOX İDİ»
İsmayıl Cəmili. YENƏ OXULLAR AÇILIR
Yenə oxullar açılır,
Yadlaşmağı öyrətməyə.
Yurdumuzun balaları,
Özgə dildə ağzın əyə.
Yenə başlır göz önundə,
Kimliyimiz talan olsun.
Füzulinin, Nəsiminin
Çiçək dolu bağı solsun.
Doğma, dadlı «yuxu»muzu
Yad istəyir «xab» eləsin.
Ayna bulaqların «su»yun
Bulandırıb «ab» eləsin.
ONLAR ÖZ QƏLƏMLƏRİNİ İSTƏYİRLƏR
ƏLİRZA CAVANBƏXT QULUNCU,
ASMƏK-in sözçüsü
İran İslam Respublikasının məhkəmə və təhlükəsizlik orqanları illərdir ki, (Güney) Azərbaycanın yazıçı və şairlərini hədəfə götürüb. Söhbət onların kitablarının senzuraya və çək-çevirə məruz qalmasından getmir. Təhlükəsizlik Nazirliyinin xəbərdarlıq qurumuna vaxtaşırı çağırışlar, evdə axtarış, heç bir hökm təqdim etmədən həbs, vəkil olmadan və ailə üzvləri ilə görüşə icazə verilmədən təkadamlıq kamerada uzun müddət saxlama, fiziki və mənəvi işgəncələr onları peşman etmək məqsədi güdür. Sonuncu dəfə də onların özəl həyatlarına hücum etmişlər.
İran İslam Respublikasının təhlükəsizlik qüvvələri çərşənbə günü, şəhrivər ayının 20-də (sentyabrın 10-da) axşam tərəfi Tehranın Nəvvab küçəsində keçirilən bir iftar mərasiminə qəfil hücum çəkərək, heç bir order təqdim etmədən 19 nəfər azərbaycanlını həbs etmişlər ki, onlardan beşi (Güney) Azərbaycanın tanınmış şair, yazıçı və jurnalistləridir: Əlirza Sərrafi, Həsən Raşidi, Əkbər Azad, Səid Muğanlı (Məhəmmədi) və Mehdi Nəimi Ərdəbili hal-hazırda Evin zindanının 209-cu bölümündə saxlanırlar. Bir həftə keçsə də, onlar öz ailələri ilə heç bir əlaqə (hətta telefonla da) saxlaya bilməmişlər. Şəhrivər ayının 25-də (sentyabrın 15-də) İnqilab məhkəməsinə müraciət edən Əlirza Sərrafinin həyat yoldaşı Vəcihə xanıma demişlər ki, əri Evində təkadamlıq kamerada saxlanmaqdadır. İnqilab məhkəməsinin müstəntiqi Mətin Rasix ona bildirmişdir ki, həyat yoldaşı müdafiəçi vəkilə malik ola bilməz. 
Əsədullah Əmiri. AĞDAĞ KİMİ VÜQARLI
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Tehranda iftar məclisinə toplaşmış 20-yə yaxın azərbaycanlı islamçı rejim məmurlarının qəfil hücumu ilə həbs edilmişdir. Aralarında qadın və uşaqların da olduğu, necə deyərlər, ağzı oruclu dindaşları iftarını açmağa belə macal verməyib həbsə atmağın hansı islama uyğunluğunu İranın dini rəhbərlərinin və onların təəssübkeşlərinin vicdanına buraxaraq, qeyd edirik ki, sonradan tutlanlardan bir neçəsi azad olunsa da, Güney Azərbaycanın Əlrza Sərrafi, Həsən Raşidi, Əkbər Azad, Səid Muğanlı kimi bir sıra dəyərli ziyalıları hələ də bədnam Evin zindanında saxlanmaqdadır. Onların arasında “Ulus” dərgisinin redaktoru Hüseyn Heydəri də vardır. Hüseyn bəyə həsr olunmuş və “Alma yolu” saytında yer almış aşağıdakı yazını ərəb əlifbasından latına çevirməyim ulus qeyrəti çəkən oğullarımızı daha yaxından tanımaq və tanıtmaq istəyindən doğdu. Zatən bu kiçik, amma dolğun yazı Hüseyn bəyin yolunda çarpışdığı ulusun taleyi və durumu haqqındadır.

Yazın bir günündə səninlə ilk tanışmamız...
Qaraqana düşünürkən, beynimdə bu adlar san gedir: Əli Kəmali, Əkbər xan Rəzzaqi, Qeybəli, Məsihullah Rzayi, Ramazan Baqi, Dərviş Behrəvan, ... və Hüseyn Heydəri.
Hüseynə düşünürkən, Ulusum gözüm önünə gəlir, “Ulus”umun sorumlusu olan Hüseyn Heydəri.
“Ulusum vay, ərdəmim vay, elim vay!”
Hüseyni görəndə sanki Əli Kəmalini gördüm: Tehran universitəsi, yüksək lisans, ... və əlbəttə, neçə ostana parçalanmış Qaraqan.
Kiyan Xiyav. SAĞÇI-SOLÇUDAN UZAQ
HEY VƏTƏN, HE…Y!
HEY GÖVDƏSI QINSIZ QILINCLAR ÖNÜNDƏ ÜRYAN VƏTƏN!...
Ax, bu böylə güllə olan yerdə
Bir mənim döşümdə gül açmazmı
sağçı-solçu hay-küyündən uzaq yerdə?!
Dostlarımın biri qaçqın,
biri köçkün,
biri didərgin, biri sürgün.
Bu gün hankı torpağı nəfəs çəkirəm mən?
Hankı yazı yağmalanan ağacları?
Əllərim öz tüfənginin lüləsindən asılı qalmış,
dillərim öz qılıncının ucundan.
Bıçağı öz dəstəsi də kəsərmiş, a…h!
Ağacı öz içindən də qurd yeyərmiş!
Hadi Qaraçay. AÇIQ MƏKTUBA SAÇIQ MƏKTUB
Seymur Baycanın son yazısına və əvvəlki yazılarına qısa şərh
Ölkəmizin polisi gör necə də biabırcasına kobudmuş. Deyirəm, bəlkə Mahmud Əhmədinejadın polisindən bizimkilərə əxlaq-etik öyrətmək üçün yardım istəyək?
Axı Güney Azərbaycan yazıçılarına orada ”Türke-Xər”(Eşşək Türk) deyilə bilər, ancaq “Ə” kəsinliklə deyilməz. Özü də görünən bu “Ə” elə-belə “Ə” deyil ha!! Uzanıb harayadək gedə bilən, alçaldıcı bir “Ə Ə Ə Ə Ə Ə” dir. Yox canım, belə alçadıcı sözlər nə oranın mətbuatında gedə bilər, nə də kiminsə ağzından eşitmək olar.
Dedim-dedi formasını yorucu gordüyüm üçün və sayın editor Zahir Əzəmətin təcrubəsini bəyəndiyim üçün dialoqda Seymura qarşı olanın səsini boğdum, dediklərini də burda gətirmədim. Sizsə mənim verdiyim cavablardan onun da hansı yuvanın quşu olduğunu biləcəksiniz…
Güney Azərbaycanlılar orada Seymur bəy demişkən, rahat yaşayırlar, daha doğrusu, Sabir Rüstəmxanlı qoyarsa, rahat yaşaya bilərlər…..!
İnanmırsız?..
Zəng vurun Əlirza Sərrafidən soruşun, Səid Muğanlıdan, Həsən Raşididən soruşun!
Əli Abbasi. MƏHNAZMI, SONAMI?!
DÜNYA ANA DİLİ GÜNÜ MÜNASİBƏTİLƏ BİR GÜZARİŞ
Çiynimdə əks maşını, əlimdə bir çanta yola düşürəm. Məqsədim bir ibtidai mədrəsədir (dəbistan). Mədrəsənin müdiri xanım K. ilə telefonlaşıb mədrəsədən bir güzariş alma izni almışam.
Yolda öz-özümlə düşünürəm: “Uşaqlarla necə danışacağam? Öz sorularımı necə onlara düşündürəcəyəm?”
Mədrəsənin önünə yetişirəm:
“Cümhuriye-İslamiye-İran
Vezarəte-Amuzeş-o-Pərvəreş
Edareye-Kolle-Amuzeş-o-Pərvəreşe-A.Şərği
Nahiye...
Dəbestane-doulətiye-doxtərane...” 1




